MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadlı gənclər Heydər Əliyevin izi ilə - I hissə

13:34 22.08.2023



Milli Məclisin deputatı Kamal Cəfərov və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin iştirakçıları Ulu Öndərin fəaliyyəti ilə bağlı təəsüratlarını paylaşıb.

 

2-ci Qarabağ mübaribəsi şəhidi Ağa Hüseynlinin bacısı, layihə iştirakçısı Nuranə Hüseynzadə: “Ulu öndər Heydər Əliyevin yaşadığı dövrü görməmişdim, onun haqqında ancaq məktəbdə və valideynlərimin anlatdığı qədər məlumatım vardı. Onun həyatı yolunu bilmək mənim üçün çox maraqlı idi. Ona görə də bu layihə haqqında eşidəndə dərhal müraciət etdim və layihə təşkilatçılarına təşəkkür edirəm ki, məni seçdilər.

Çünki layihə nəticəsində Heydər Əliyevin anadan olduğu Naxçıvan şəhərini gördüm, böyüdüyü məhəlləni gəzdim, oxuduğu məktəbə getdim, Ali Məclisdəki iş otağını canlı gördüm. Bir sözlə, addım-addım onun izi ilə irəlilədik. Bütün bunlar isə mənim üçün yalnız arzudan ibarət idi. Layihənin 2-ci hissəsində isə 2-ci Yüksəliş müsabiqəsinin qalibləri Nərgiz və Arzu xanım bizə şəxsi inkişaf barədə təlim keçdi. Maraqlı oldu, açıqcası özümü kəşf etməyə başladım”.

 

 

Layihə iştirakçısı, YAP Sabirabad rayon təşkilatının üzvü Nicat Ağayev:

“Heydər Əliyev Muzeyində saxlanılan Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb. Naxçıvanın xilası və dirçəlişi də məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Onun fəaliyyətdə olduğu dövrdə gördüyü işlər bizim bugün azad və firəvan yaşamağımız üçün təməldir”.

 

Layihə iştirakçısı, YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə:

“Layihənin ikinci mərhələsində ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti ilə bağlı idi ki, biz DTX Akademiyasını ziyarət etdik. Burada ümumilli liderimiz Heydər Əliyevin adını daşıyan muzeydə olduq, sərgilənən eksponatlarla, arxiv materialları ilə tanış olduq.

Şəxsən mənim ən çox diqqətimi çəkən məqamlardan biri məhz “Naturalist”, “Duel” və “Alagöz” əməliyyatlarları oldu ki, burada Ulu Öndərimizin necə iti yaddaşa, uzaqgörənliyə və əyilməz iradəyə malik olduğunu daha dərindən anlamağımıza kömək oldu. Akademiyanın rəisinin vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov və istefada olan polkovnik Azər Qarayev isə bizə çox dəyərli məlumatlar verdilər”.

 

Layihə iştirakçısı, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nicat Əliyev:

“Mədəniyyət sahəsində çalışdığım üçün il ərzində bir çox əlamətdar günlərin tədbirlərini həyata keçirərkən şahidi oluram ki, Respublikamızın bütün əlamətdar günləri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin bütün sahələrə olan diqqət və qayğısı sanki tariximizdə həkk olub. Neçə illərdir həyata keçirdiyimiz və yaxından iştirak etdiyim tədbirlərdən sonra belə qənaətə gəlmişdim ki, mən Ulu Öndər haqqında məlumatlıyam. Rayonumuzun deputatı Kamal Cəfərovun rəhbəri olduğu “Heydər Əliyev Siyasi Məktəbi” layihəsində iştirak edəndən sonra anladım ki, bu dahi şəxsiyyət haqqında çox az məlumatlı olmuşam.

Layihənin Naxçıvan səfərindən iki aydan çox müddət keçməsinə baxmayaraq hələ də o səfərin təsiri getməyib. Naxçıvanda Heydər Əliyev muzeyində ekskursiya zamanı bir fotoşəkil diqqətimi çəkdi. Ulu öndər 2-ci dəfə hakimiyyətə qayıdandan sonra Naxçıvanda yaşadığı evə səfər edir və orda bir pəncərənin önündə şəkil çəkdirmək üçün əyləşir. Pəncərdən günəşin işığı saçdığı üçün fotoqraf Ulu Öndərə təklif edir ki, bəlkə yerinizi dəyişəsiniz? Ulu Öndər isə belə cavab verir: “Mən uşaq vaxtı bütün dərslərimi bu pəncərənin qarşısında çalışmışam. Ona görə də burda çək”. Bir insan bu qədərmi sədaqətli olar? Biz nəyinki sədaqəti, siyasəti - hər şeyi Heydər Əliyev Siyasi Məktəbində öyrənəcəyik”.

 

Layihə iştirakçısı, hüquqşünas Cavid Rəhimli:

“Hər zaman Heydər Əliyevin irsini araşdıran bir gənc kimi bu cür layihədə iştirak etmək mənim üçün maraqlı idi. Layihə ərzində mərhum liderin iş yoldaşları ilə görüşmək, onların şahid olduqları, heç bir yerdə yazılmayan məlumatlarla tanış olmaq çox xoş idi. Bir gənc kimi xüsusən də, Heydər Əliyevin Naxçıvan şəhərində keçirdiyi gənclik dövrünü öyrənmək olduqca maraqlı idi. Belə ki, onun transkripti ilə tanış olduqda bütün qiymətlərinin yüksək olmasını görməyim böyük uğurlar qazanmaq üçün ilkin bünövrənin sağlam olmalı olduğunu bir daha təsdiq etdi. Naxçıvanda Heydər Əliyevin iş və iclas otağında isə fərqli duyğular yaşadım. Xəyalımda keçmişə səyahət edərək həmin divarlar arasında necə əhəmiyyətli görüşlər keçirildiyini xatırladım. Ulu Öndərin sovet dövründə neft aşkar etdiyi əraziləri gələcək müstəqil Azərbaycan üçün saxlanılması məqsədilə gizlədərək xüsusi qeydlər tutduğunu öyrəndim. Bununla da dahi şəxsiyyətin strateji təmkininə, uzaqgörənliyinə heyran oldum. Həmin strateji təmkini Prezident İlham Əliyevdə də müşahidə edirəm. Qarabağ Zəfəri bunun ən böyük nümunəsidir.

Mən də bu cür strateji təmkindən ilhamlanaraq dövlətimizə, xalqımıza fayda verə biləcək bir sıra hədəflər müəyyən etdim, reallaşdıra bilsəm, 40-50 il sonra bu xəbərə istinad edəcəm. Həmçinin deputat Kamal Cəfərovla söhbət zamanı çox vacib bir nüansı ağlımda saxladım. Belə ki, Ulu Öndərin irsini tam öyrənə bilsək, onun kimi düşünməyi bacarsaq, həyatımızın istənilən sahəsində uğur qazana bilərik. Artıq həyatımda hansısa məsələ ilə bağlı qərar verməyə çətinlik çəkdikdə “Heydər Əliyev olsaydı, nə edərdi?” sualını verirəm. Hələ ki, qısamüddətli təcrübəmdən deyə bilərəm ki, bu cür sual üzərindən düşünüb verdiyim qərarların çox müsbət nəticəsi olub.

Hazırda ABŞ-da yaşayan biri kimi layihə çərçivəsində keçmiş ABŞ prezidentlərindən birinin Ulu Öndəri dünyanı idarə edə biləcək bir şəxs adlandırmasını öyrənməyim məni bir daha qürurlandırdı. Hesab edirəm ki, Heydər Əliyev irsi bir həyat məktəbidir, ona yaxından bələd olan şəxs üçün uğur və xoşbəxtlik qaçınılmazdır, gənclərə onun irsini öyrənməyi tövsiyə edirəm”.